Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Azərbaycan millisi bu gün növbəti matçını keçirib. Yığmamız Slovakiya ilə qarşılaşıb – 0:2.
Matçdan sonra komandamızın baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:
“Slovakiyanı təbrik edirəm. Yaxşı oyun göstərdilər. Komanda olaraq həmişəki kimi əlimizdən gələni etməyə çalışdıq. Futbolçular da sona qədər savaşdı. Amma təəssüf ki, çox top itirirdik. Rəqib birinci hissəyə çox yaxşı pressinqlə başladı. Həmin hücumların qarşısını almağa çalışdıq. Slovakiyanı əks-hücumda yaxalamağa səy göstərdik. Oyun daxilində hücuma keçmək istəyəndə onlar bizi bloklayırdı. Bizi daim pressinq altında saxladılar. 2 məsələ var. Hücuma keçəndə müdafiəyə qayıtmaqda çətinlik çəkirik. Rəqib çox paslaşırdı, bu da onlara xeyli hücum etməyə şərait yaradırdı. Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik. Bəzi anlarda bu alınır, amma bu daimi olmalıdır. Rəqib hücuma keçirsə sən güclü müdafiə göstərməsən, onlar rahat qol vuracaqlar. Hücumun qarşısını almaq üçün müdafiədə inamlı olmaq lazımdır. Bacarmasan, ardıcıl qollar buraxacaqsan. Əsas məsələ odur ki, biz mental düşüncəmizi dəyişməliyik. Komanda olaraq başa düşməliyik ki, yaxşı hücum edə bilərik, yaxşı müdafiə oluna bilərik. Bunun üçün çox məşq etmək lazımdır. Əgər komanda olaraq bu mentalitetimizi dəyişsək və intensiv oynasaq, hər şey düzələcək”.