Çempion tilsimi qırdı
Fransa millisi DÇ-2022-nin 1/8 finalına yüksəlib. Bununla da son dünya çempionlarının qrupda qalmaq ənənəsi qırılıb.
DÇ-2002-nin çempionu Braziliya dörd il sonra 1/4 finala qədər irəliləsə də, sonrakı illərdə son qaliblər uğursuzluğa düçar olurdu. İtaliya 2010-cu ildə Paraqvay, Slovakiya və Yeni Zelandiya ilə eyni qrupda sonuncu yeri tutub.
İspaniya 2014-cü ildə Niderland, Çili və Avstraliyanın qrupunda üçüncü yerlə kifayətlənib. Almaniya 2018-ci ildə İsveç, Meksika və Cənubi Koreyanın qrupunda sonuncu olub.
Maraqlıdır ki, çempionların tilsimini qıran Fransa 2006-cı ildə Braziliyanı 1/4 finalda dayandıran komanda olub.
Qeyd edək ki, Avstraliyaya 4:1, Danimarkaya 2:1 hesabı ilə qalib gələn Fransa D qrupunda ilk iki yerdən birini və bununla da 1/8 finala ilk vəsiqəni təmin edib.