Canni de Byazi: “Komandanın oyununda inkişaf görürəm”

Canni de Byazi: “Komandanın oyununda inkişaf görürəm”

Azərbaycan millisi 2021-ci ildə son oyununu sabah keçirəcək. Yığmamız Qətərlə yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Bakı Olimpiya Stadionundakı matçdan bir gün əvvəl millinin baş məşqçisi Canni de Byazinin mətbuat konfransı keçirilib. İtaliyalı mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:

“Sabahkı oyun bizə inkişaf üçün imkandır. Ümumilikdə vəziyyət çətindir, az sayda komanda var, çempionatda cəmi 8 klub çıxış edir, 40 oyunçu arasında seçim imkanım var. Oyunlarda 3 top fərqi ilə uduzuruq, ancaq meydandakı mübarizədə o qədər fərq yoxdur. O ki qaldı Qətərlə matça, bizdən fərqli olaraq, onların seçim imkanı daha genişdir. Oyunçuların ötən matçda çox güc sərf etməsinin təsirinə sabah baxarıq. İlk növbədə heyəti açıqlamazdan əvvəl oyunçuların durumuna baxacağam. Üstəlik, 6 əvəzləmə imkanımız olacaq. Düşünürəm ki, vəziyyəti idarə etmək olar. Matça ən yaxşı heyətimizlə çıxacağıq. Bəzi dəyişikliklər də olacaq. Amma hər şeyin öz yeri var”.

Bu ilin sonunda müqaviləsi başa çatacaq mütəxəssis millimizdəki fəaliyyət dövrünü də dəyərləndirib: “Fikirləşirəm ki, işimizi təkcə nəticələrlə dəyərləndirmək düzgün olmaz. Çünki əsas məqsədimiz futbolun inkişafı ilə bağlı idi. Bunun üçün şərait yaratdıq. Komandada çox dəyişiklik etdik, gənclər cəlb etdik. Çalışdıq ki, onlardan istifadə edək. Düşünürəm ki, mənim və bizim ümumi ideyalarımız var, nə istədiyimizi bilirik. Komandanın oyununda inkişaf görürəm. Yığmanın artıq özünəməxsus stili var. Rəqiblər güclü olsa da, hamısı ilə başabaş oynamışıq. İnkişaf dövründə ilk növbədə təcrübə lazımdır. Gənclərimiz var, bu, bəzən bizə baha başa gəlir. Məsələn, Lüksemburqla son oyunun 20-ci dəqiqəsində qırmızı vərəqə oldu. Bütün matçlarda sona qədər mübarizə apardıq. Azərbaycanın şərəfini ən yaxşı şəkildə qorumağa çalışdıq. Ən böyük nəticəmiz komandaya mentaliteti oturtmaq oldu. Ən vacib odur ki, hər bir rəqibə çətinlik yarada bilərik. Bu dövrdə 15 nəfərdən çox oyunçu millidə debüt etdi, dəyişikliklər çox oldu. Belə dövr həmişə çətin və riskli olur. Nəzərə alaq ki, onların təcrübəsi yoxdur. Bu yola başlanılıb, əminəm ki, bu işin bəhrəsi tezliklə olacaq. Qısa müddətdir. Onu da nəzərə almaq lazımdır ki, çox çətinliklərlə qarşılaşdıq. Pandemiya və müharibə dönəminə düşdük, bəzi oyunları öz meydanımızda keçirə bilmədik. Çox sayda oyunçularımızı itirdik.

De Byazi yığmadakı gələcək taleyinə aydınlıq gəlmədiyini qeyd edib: “Hələ heç nə bilinmir. Bu mənim son mətbuat konfransım da ola bilər. Ümumilikdə 15 aydakı olanlar barədə fikrimi bildirdim. Sabah 20-ci oyuna çıxacağıq. Bu, elə də böyük rəqəm deyil. Məşqçi bir ölkəyə gələndə ən böyük çətinliklərdən biri oyunçuların mentalitetini, arzularını, hara getmək istədiklərini bilməkdir. Bu gün deyə bilərəm ki, onları çox yaxşı tanıyıram. Yığmaya çox oyunçu cəlb etmişdik. Düşünmürəm ki, mənimlə Milan Obradoviç arasında hansısa anlaşılmazlıq olsun. U-21-in əsas məqsədi əsas yığmaya oyunçu hazırlamaqdır. Bəzən oradan oyunçular cəlb edirdik ki, əsas komandanın ab-havasını görsünlər. İnkişaf dövründə vacib məqamdır. Hər şeyin öz vaxtı var. Mentalitet baxımından danışırıqsa, bunun özünə də vaxt lazımdır. Adicə bir misal çəkim. Məktəbdən əvvəl uşaq baxçaya gedir. Hər şeyin öz vaxtı var. Mentalitet baxımından danışırıqsa, bunun özünə də vaxt lazımdır. Öz təcrübəmi maksimum dərəcədə oyunçulara başa salmağa çalışıram. Mən gələndə Emin Mahmudov milliyə çağırılmırdı. Amma bu gün bizim ən vacib oyunçularımızdan biridir. Kənardan danışmaq çox asandır”.

ETOPAZ

Əvvəlki yazı

110 min dollarlıq cərimə

Növbəti yazı

Günün kuponu – 14.11.2021