Canni de Byazi: “İtirəcəyimiz bir şeyimiz yoxdur”
Azərbaycan milli komandası sabah növbəti oyununu keçirəcək. Yığmamız Şimali Makedoniya ilə yoldaşlıq görüşünə çıxacaq.
Qarşılaşmadan öncə baş məşqçi Canni de Byazinin mətbuat konfransı keçirilib. Mütəxəssis matç barədə fikirlərini açıqlayıb:
“Şimali Makedoniya millisi yaxşı komandadır. Yaxşı keyfiyyətli futbolçuları var. Əksər oyunçuları Avropada oynayır. İtaliya ilə matçlarını futbolçularımıza göstərdim. Düşünürəm ki, qələbə seriyasını davam etdirə bilərik. Bir az bəxt olsa, bir az da xarakter göstərsək, bunu bacararıq. Futbolçularla söhbət zamanı nə etməli olduğumuzu bildirirəm. Moldova milli komandasına qarşı keçirdiyimiz son oyunda rəqib qapısına 18 zərbə endirdik. Oyunu daha tez yekunlaşdırmalı idik. Mahir Emreli qol imkanından maksimum yararlanıb hesabı 3:0 etmə idi. Son dəqiqələrdə geri çəkildik və qapımızda qol gördük. İlk növbədə bu baxımdan inkişaf etməliyik.
Bu qarşılaşmalar seçmə mərhələ oyunlarına hazırlıq baxımından çox vacibdir. Qrupumuz çox çətindir. Martda güclü komandalara qarşı oyunlarımız olacaq. Həyatda heç vaxt heç nəyi bilmək olmaz. Təbii ki, ardıcıl qələbələr qazanmağımız futbolçuların özlərinə olan inamı daha da artırır. Futbolçularla söhbət zamanı bildirmişəm ki, yüksək keyfiyyətləri var. Buna əmin olmalıdırlar və bütün bacarıqlarını meydanda nümayiş etdirməlidirlər. Asan olmayacaq. İtirəcəyimiz bir şeyimiz yoxdur. Sona qədər mübarizə aparacağıq”.