Bruno Laje: “Məqsədimiz üç xal qazanmaqdır”
“Benfika” UEFA Çempionlar Liqası Liqa mərhələsinin ilk turu çərçivəsində doğma meydanda “Qarabağ”ı qəbul edəcək. Lissabon təmsilçisinin baş məşqçisi Bruno Lajenin mətbuat konfransı keçirilib:
“Komanda ötən mövsüm Çempionlar Liqasında göstərdiyi yaxşı oyunları təkrarlamaq istəyir. Məqsədimiz qalib gəlmək, üç xal qazanmaq və azarkeşlərə unudulmaz Avropa gecəsi yaşatmaqdır. “Benfika”nı çalışdıran hər kəs yüksək tələblərin olduğunu yaxşı bilir. Yalnız titul qazanmaq kifayət etmir, yaxşı futbol da göstərmək vacibdir. Komanda həmişə irəli baxmalıdır. Müdafiədə ötənilki səviyyəyə qayıtmışıq, Avropada pressinqdə ən yaxşı komandalar sırasında yer alırıq. Hücumda isə oyunu arxadan qurmağa, yarımmüdafiəçilərlə əlaqəni gücləndirməyə və topa nəzarət etməyə çalışırıq. Amma hücum xəttində hələ də inkişaf üçün imkanlarımız var. Daha çox dinamika və qol epizodları yaratmalıyıq. Buna görə daim futbolçularla işləyirik və inanıram ki, yaxşı oyun sərgiləyib 3 xal qazanacağıq”.
Qeyd edək ki, “Benfika” – “Qarabağ” qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.












