“Beşiktaş”da ciddi itki
“Beşiktaş” Super Liqanın növbəti turunda “Fənərbaxça”nı qəbul edəcək. “Qara qartallar” İstanbul derbisinə ciddi itkilərlə çıxacaq.
“Beşiktaş”ın müdafiə xəttində problemlər var. Daha əvvəldən Necip Uysal və Qabriel Paulista sıradan çıxıb. Hər iki mərkəz müdafiəçisi uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Derbi öncəsi digər mərkəz müdafiəçisi Feliks Uduoxay da zədələnib. 27 yaşlı almaniyalı futbolçu vacib matçda komandaya kömək edə bilməyəcək. Müdafiənin mərkəzində Tayyip Talha Sanuçla Emirhan Topçunun yer alacağı gözlənilir.
“Beşiktaş” Feliks Uduoxayı mövsümün əvvəlində “Auqsburq”dan icarəyə götürüb. Təcrübəli oyunçu komandanın heyətində 15 rəsmi meydana çıxıb.
Qeyd edək ki, “Beşiktaş” – “Fənərbaxça” qarşılaşması sabah Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.