“Barselona”nın yeni “10 nömrə”si qayıtdı və qol vurdu
“Barselona” İspaniya La Liqasının VII turunda “Levante” ilə qarşılaşıb. Ronald Kumanın yetirmələri rəqibini 3:0 hesabı ilə məğlub edib.
Bu qarşılaşma Ansu Fatinin meydana qayıdışı ilə əlamətdar olub. Zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənar qalan gənc vinger 81-ci dəqiqədə oyuna daxil olub.
Sonuncu dəfə ötən il noyabrın 7-də meydana çıxan Fati 323 gündən sonra şans qazanıb. Lionel Messinin komandadan gedişindən sonra 10 nömrəli forma ilə ilk dəfə tamaşaçılar önünə çıxan vinger uzatma dəqiqələrində komandasının son qoluna imza atıb.
Xatırladaq ki, “Barselona” bunadək son üç oyunda qələbə qazana bilməyib. Kataloniyalılar Çempionlar Liqasında “Bavariya”ya uduzub (0:3), La Liqada “Qranada” (1:1) və “Kadis”lə (0:0) heç-heçə edib.