Azərbaycan 29-cu pillədəki yerini qorudu
Avrokubokların III təsnifat mərhələsinin ilk iki oyun günündən sonra UEFA reytinqi açıqlanıb. Çempionlar Liqasında “Ferensvaroş”la heç-heçə edən “Qarabağ” Azərbaycanın hesabına daha 0,125 xal gətirib.
Bununla da cari mövsümün qazancı 1,375-ə yüksəlib. Bunun 0,750-si “Qarabağ”ın aktivindədir. “Neftçi” və “Qəbələ” 0,250, “Zirə” 0,125 xalla kifayətlənib.
Son beş mövsümün nəticələrinə görə hesablanan əmsalımız 14,000-a çatıb. Azərbaycan Avropada 29-cu pillədə qalıb.
Bakıdakı heç-heçə macarların işinə yarayıb. “Ferensvaroş”un 0,125 xallıq qazancı sayəsində Macarıstan Slovakiyanı arxada qoyub və 25-ci pilləni ələ keçirib.
Qeyd edək ki, siyahıya 88,855 xalla İngiltərə başçılıq edir.