“ASK Arena”da bərabərlik, “Neftçi” 2-ci yerə yüksəldi
Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura start verilib. İlk oyun günündə 2 qarşılaşma baş tutub. “Keşlə” “Sumqayıt”ı, “Neftçi” “Qəbələ”ni qəbul edib.
“ASK Arena”da keçirilən ilk görüşdə hesabı meydan sahibləri açıb. Birinci yarının sonlarında Amil Yunanov fərqlənib. İkinci hissədə hücumlarını artıran “Sumqayıt” bərabərliyə nail olub. 57-ci dəqiqədə Franko Flores avtoqol müəllifi olub – 1:1.
Günün ən maraq doğuran qarşılaşması “Bakcell Arena”da baş tutub. 85 yaşını qeyd edən “Neftçi” “Qəbələ”ni qəbul edib. Oyuna “ağ-qaralar” fəal başlayıb. 7-ci dəqiqədə künc zərbəsindən sonra qol vurulub. Eddi İsrafilov paytaxt təmsilçinin heyətində qol hesabını açıb. 10 dəqiqə sonra fərq 2 topa çatıb. Mamadu Mbocun zərbəsi qarşısıalınmaz olub. İkinci yarıya “Qəbələ” fəal başlayıb. Bir neçə təhlükəli qol epizodu yaradan qonaqlar fərqi azalda bilməyib. Əks-hücumlarda rəqibini yaxalayan “Neftçi” isə növbəti qollarını vurub. Gilyerme Pato fərqi 3 topa çatdırıb. Görüşə artırılan dəqiqələrdə isə Eddi İsrafilov oyunda son nöqtəni qoyub – 4:0.
Qeyd edək ki, qalib gələn “Neftçi” xal hesabını 37-yə çatdırıb və ikinci pilləyə yüksəlib. Tura isə sabah yekun vurulacaq. “Sabah” “Səbail”i, “Zirə” “Qarabağ”ı qəbul edəcək.