Arif Əsədov: “Meydana qələbə üçün çıxacağıq”
Sabah millimiz yoxlama matçına çıxacaq. Rəqib Albaniya millisi olacaq.
Matçdan öncə yığmamızın çalışdırıcısı Arif Əsədovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:
“Qarşıdakı iki oyunda bizi yaxşı rəqiblər gözləyir. Millətlər Liqası turniri öncəsi son yoldaşlıq görüşləridir. Hazırlığın ilk mərhələsində bəzi futbolçuları tempdə saxlamaq üçün onlara üç günlük məşq keçdik. İyunun 3-dən etibarən komanda şəklində tam heyətlə məşqlərə başladıq. Bolqarıstana qarşı keçirilən son oyundakı modeli daha da təkmilləşdirməyə çalışdıq. Yoldaşlıq görüşü olsa da, meydana qələbə üçün çıxacağıq. Futbolçuların hazırlığından razı qaldım, onların münasibəti yaxşı oyuna ümid verir. Rəqibdən asılı olmayaraq, hər bir oyun bizim üçün əlavə motivasiyadır. Qazaxıstan yığması ilə bir-birimizi daha yaxşı tanıyırıq. Düzdür, əvvəllər Albaniya ilə qarşılaşmışıq. Son dövrlərin Albaniya yığması isə iki dəfə Avropa çempionatına vəsiqə qazanmış kollektivdir. Bu da onların gücünün göstəricisidir. Ancaq komanda şəklində intizamlı oynasaq, rəqibə imkan vermərik və istəyimizə nail olarıq”.