“Araz-Naxçıvan”dan səfər qələbəsi
Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulub. Son oyun günündə 1 qarşılaşma baş tutub.
“Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edib. Görüş qarşılıqlı hücumlarla başlayıb. Meydan sahibləri matçın startında azlıqda qalıb. İlkin Qırtımov qırmızı vərəqə ilə cəzalanıb. Cərimə zərbəsini Turan Manafov dəqiq yerinə yetirib – 1:0. Qoldan sonra irəli atılan “qırmızı-qaralar” hesabı bərabərləşdirib. Samuel Tetteh fərqlənib. Lakin qonaqlar yenidən hesabda önə keçməyi bacarıb. Kadiri Mohammed baxımlı zərbə ilə adını tabloya yazdırıb.
İkinci yarının startında “Qəbələ” daha bir qırmızı vərəqə alıb. Osama Xalayla meydanı vaxtından əvvəl tərk edib. Bundan istifadə edən “Araz-Naxçıvan” daha 2 qol vurub. Öncə Elvis Maşike fərqlənib. Ardından Miço Kuzmanoviç matçda son nöqtəni qoyub – 4:1.