Andrey Şevçenko – 46
29 sentyabr əfsanəvi Andrey Şevçenkonun doğum günüdür. Ukraynalı futbol ulduzu 46 yaşını tamamlayır. Hərbçi atası oğlu Andreyin yolunu davam etdirməsini istəyib. “Şeva” isə artıq kiçik yaşlarından top oyununun sehrinə düşüb. 10 yaşında futbol məktəbinə qəbul oluna bilməsə də, tezliklə “Dinamo Kiyev”in skautları bu istedadı tapıblar.
Sonrakı karyerasında dünyaca məşhur əfsanəvi Valeri Lobanovski xüsusi rol oynayıb. 90-cı illərdə Kiyev “Dinamo”sunun məşhur Şevçenko-Rebrov tandemi bütün rəqiblər üçün problem idi. 1994-cü ilin noyabrında əsas heyətdə ilk oyuna çıxan Andrey “Dinamo”da keçirdiyi 5 mövsümün hamısında Ukrayna çempionluğunu, 3 dəfə isə ölkə kubokunu qazandı. Bu 5 ildə kiyevlilər üçün 106 qol vurdu, 1998/99 mövsümündə UEFA Çempionlar Liqasının bombardiri oldu.
Elə həmin il 25 milyon dollara (o dövr üçün sanballı transfer məbləği sayılırdı) “Milan”a keçən Şevçenko karyerasının ən parlaq illərini yaşayır. 7 il ərzində “Milan”da təkcə A seriyasında 226 oyun keçirir, 127 qol vurub. Digər turnirləri də nəzərə almaqla “Milan”da ümumilikdə 175 qol vuran Şevçenko bu göstərici ilə klubun bütün tarixi ərzində yalnız əfsanəvi Qunnar Nordaldan (221 qol) geri qalır. “Şeva” İtaliyada çempionluq, kubok və Superkuboku qazanıb. 2003-də Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.
2006-da Roman Abramoviç 44 milyon avro qarşılığında Şevçenkonu “Çelsi” yə gətirməyə nail olur. Amma Joze Mourinyonun baş məşqçiliyi altında ukraynalı ulduzun oyunu alınmır. 2 ildə 48 oyunda meydana çıxaraq cəmi 9 qol vurur. Hətta 2008/09 mövsümündə “Çelsi” onu bir mövsümlük “Milan”a icarəyə də verir. Doğma klubuna qayıdış da uğursuz olur: A seriyasında 18 matçın heç birində qol vura bilmir, kubok oyunlarında isə 2 dəfə fərqlənir. Artıq evə qayıtmaq vaxtı idi…
2009-cu ildə “Dinamo Kiyev”lə 3 illik müqavilə bağlayır. Burada 55 oyuna 23 qol vurur. 2012-də, öz vətənində keçirilən Avropa çempionatından sonra 36 yaşında karyerasını bitirdiyini elan edir.
Ukrayna millisinin heyətində 2006 dünya və 2012 qitə çempionatlarında çıxış edən Şevçenko millidə oynadığı 17 il ərzində 111 matç keçirib, 48 qol vurub.
2004-də “France Football” tərəfindən Avropanın ən yaxşı futbolçusuna təqdim olunan “Qızıl top”a layiq görülüb. İtaliya Superkuboku və Milan derbisi tarixində ən çox qol vuran oyunçudur. 2 dəfə A seriyasında (2000, 2004), 3 dəfə ÇL-də (1999, 2001, 2006) mövsümün bombardiri olub.
Baş məşqçi kimi işə Ukrayna millisində başlayıb və burada 5 il çalışıb (2016-2021). Ötən noyabrda A seriyasında, “Cenoa”da işə başlasa da, cəmi 2 ay sonra uğursuz nəticələr səbəbindən istefa verib. Məşqçi kimi hələ sözünü deməsə də, oyunçu kimi etdiklərinə görə Andrey Şevçenko futbol tarixində əbədi qalacaq.