Alleqri “Yuventus”dan qovuldu
“Yuventus”da ayrılıq baş verib. Klub baş məşqçi Massimiliano Alleqri ilə yollarını ayırdığını açıqlayıb.
Təcrübəli mütəxəssis İtaliya kubokunun finalındakı davranışına görə qovulub. Turin klubu “Atalanta” ilə görüşdə 1:0 hesabı ilə qalib gələrək, tarixində 15-ci dəfə ölkə kubokuna yiyələnib. Oyunun 90+3-cü dəqiqəsində hakimin qərarları ilə razılaşmayan baş məşqçi pencəyini cırıb və ehtiyat hakimin üzərinə yeriyib. Rəhbərlik bu hərəkətinə görə, qırmızı vərəqə ilə cəzlandırılan Alleqrini bağışlamayıb. Verilən açıqlamada baş məşqçinin davranışının klubun prinsipləri ilə üst-üstə düşmədiyi qeyd olunub.