AFFA-dan “Turan Tovuz”a cəza
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.
Komitə “Turan Tovuz”la bağlı məsələni müzakirə edərək müvafiq qərar verib.
Azərbaycan Premyer Liqasının XXIV turunun fevralın 23-də keçirilən “Şamaxı” – “Turan Tovuz” oyunu öncəsi qonaq komandanın rəsmi feysbuk səhifəsində və veb-saytında AFFA və PFL-in nüfuzuna xələl gətirən, həmçinin bu qurumların və onların bayrağı altında keçirilən yarışların şəffaflığını sual altına alan açıqlama paylaşılıb.
Klubun rəsmi səhifəsindən yayımlanan bu bəyanat cəmiyyət arasında AFFA və PFL-in fəaliyyəti ilə bağlı mənfi rəy formalaşdırmağa yönəlib, futbolun idarəedici qurumlarının qərarlarının obyektivliyinə dair şübhələr yaradıb.
AFFA İntizam Komitəsi məsələni araşdıraraq aşağıdakı məqamları müəyyən edib:
– AFFA və PFL-in nüfuzuna zərər vurulması: Klubun rəsmi açıqlaması AFFA və PFL-in idarəçilik və təşkilati fəaliyyətini gözdən salmağa yönələn, futbol ictimaiyyəti arasında bu qurumların qərarlarının qeyri-obyektiv olduğu təsəvvürü yaratmağa çalışıb.
– Oyunun təxirə salınması ilə bağlı tələbin əsaslı olmaması: AFFA və PFL-in müəyyən etdiyi qaydalara əsasən, oyunların təxirə salınması üçün yalnız meydançanın oyuna yararsız olması və ya təhlükəsizlik baxımından ciddi risklər mövcud olduqda qərar verilə bilər. Hava şəraitinin dəyişkən olması, VAR sisteminin olmaması və ya canlı yayımın təmin edilməməsi oyunun keçirilməməsi üçün əsas hesab edilmir.
– AFFA tərəfindən klubun əvvəlcədən xəbərdar edilməsi: “Turan Tovuz” PFK-nın oyundan əvvəl verdiyi açıqlamadan sonra AFFA bu bəyanatın yolverilməz olduğunu bildirib, klubun məsələ ilə bağlı konkret sübutlar təqdim etməsinin vacibliyini vurğulayıb. Klub tərəfindən heç bir sübut təqdim edilmədiyi halda, bu cür açıqlamaların davam etdirilməsi İntizam Komitəsinin araşdırma aparmasını zəruri edib.
AFFA İntizam Komitəsi qeyd olunan halları nəzərə alaraq müvafiq cəzalar tətbiq edib:
AFFA və PFL-in işgüzar nüfuzuna xələl gəlməsinə gətirib çıxardan hərəkətlərə yol verdiyinə görə “Turan Tovuz” 20000 (iyirmi min) manat məbləğində cərimə edilib.
AFFA bir daha vurğulayır ki, bütün klublar oyunların keçirilməsi və təşkilinə dair qaydalara riayət etməli, ictimaiyyət arasında yanlış təsəvvür formalaşdıracaq və futbol idarəçiliyinin şəffaflığını sual altına alacaq əsassız iddialardan çəkinməlidirlər. Əks halda, bu kimi hallar gələcəkdə daha sərt intizam tədbirləri ilə nəticələnə bilər.
Qeyd edək, İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.