32 səpələnmiş tennisçidən 17-si “US Open”lə vidalaşdı
“US Open”də 2-ci mərhələ başa çatıb. Fərdi yarışlar tarixi göstəricilərlə əlamətdar olub. Kişilərin yarışında səpələnmişlər uğursuz çıxış edir. 32 belə tennisçidən 17-si artıq mübarizəni dayandırıb. Onlardan üçü “Top-10”da yer alan Kasper Ruud (8), Pablo Karreno-Busta (9) və Hubert Xurkaçdır (10). 3-cü mərhələyə yalnız 15 səpələnmişin vəsiqə qazanması 2019-cu ildəki antirekordun təkrarıdır.
Qadınların yarışında “Top-20”də yer alan tennisçilərdən heç biri ilk iki mərhələdə uduzmayıb. Yarışa qatılmayan Sofiya Kenin (6) və Cennifer Bredidən (13) başqa bütün güclülər 3-cü mərhələyə yüksəlib. Ən reytinqli 20 iştirakçının ilk iki mərhələdə uduzmaması yarışın tarixində ilk dəfə qeydə alınıb.
“Böyük dəbilqə” turnirlərində 32 tennisçisinin səpələnməsinə 2001-ci ildən başlanılıb. Həmin vaxta qədər 16 raketka səpələnib.