Elmar Baxşıyev: “Onları sevindirməyə çalışacağıq”
Sabah Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qəbələ” – “Fehervar” (Macarıstan) görüşü keçiriləcək. Matçdan bir gün əvvəl təmsilçimizin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
42 yaşlı mütəxəssis Qəbələdə baş tutacaq oyun barədə fikirlərini açıqlayıb: “İlk qarşılaşmada məğlub olsaq da, sabahkı matça hazırıq. Düşünürəm ki, komanda əlindən gələndən artığını edəcək. Öz azarkeşlərimiz qarşısında oynayırıq və onları sevindirməyə çalışacağıq. Ümumi götürsək, komandanın səfərdəki ilk matçda nümayiş etdirdiyi oyundan məmnun qaldım. Görüşün müəyyən vaxtlarında oyunçular istədiyimizi maksimum verməyə çalışırdılar. Futbolçumuzun zədələnməsi də komandaya təsir etdi. İlkin Qırtımov əsas heyət üzvlərimizdən biridir. Onun meydandan çıxması oyun planında balansı pozdu. Rəqibi də fərqləndirərdim. “Fehervar” çox keyfiyyətli, yaxşı futbolçulardan ibarət kollektivdir. Amma yenə vurğulayıram ki, “Qəbələ” də rəqibimiz qədər keyfiyyətlərə malikdir. Düşünürəm ki, sabah hər iki tərəfi maraqlı matç gözləyir. Turnirə başlamamışdan əvvəl də heyətimiz çox geniş deyildi. İlkin Qırtımovun durumu hələ sual olaraq qalır. Qarşıda son məşqimiz var. Ümid edirik ki, bu məşqdən sonra müsbət qərar veriləcək”.