Mançesterdə qol yağışı
Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib. “Mançester Siti” öz meydanında “Real”ı qəbul edib.
Komandalar arasında ilk qarşılaşma məhsuldar alınıb. Matçın əvvəlində meydan sahibləri iki erkən qola imza atıb. Kevin de Breyne 2-ci, Qabriel Jezus 11-ci dəqiqədə fərqlənib.
Fasiləyədək “Real” toplardan birinin əvəzini çıxıb. Kərim Benzema 33-cü dəqiqədə qonaqları ümidləndirib.
İkinci hissə də erkən qollarla başlayıb. 53-cü dəqiqədə Fil Foden fərqi artırsa da, cəmi iki dəqiqə sonra Vinisius Junior qol sevinci yaşayıb. Bernardu Silvanın 74-cü dəqiqədəki qolu ilə fərq yenidən iki topa çatıb.
Matçın sonuna 8 dəqiqə qalmış penalti zərbəsini dəqiq yerinə yetirən Kərim Benzema həm dublunu rəsmiləşdirib, həm də turnirin bombardirləri yarışında birinci pilləyə yüksəlib. Bununla da 7 qolun vurulduğu matçda “şəhərlilər” 4:3 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu mayın 4-də keçiriləcək.