Ən erkən “qrımızı”lar: Zebli 3-cü oldu
Azərbaycan Premyer Liqasının VI turu erkən qırmızı vərəqə ilə əlamətdar olub. Pyer Zebli “Zirə” – “Sumqayıt” oyununun (1:0) 11-ci dəqiqəsində meydandan kənarlaşdırılıb. 26 yaşlı italiyalı yarımmüdafiəçi birbaşa qırmızı vərəqə alıb. O, cari mövsümdə meydandan ən tez kənarlaşdırılan futbolçu olub.
Premyer Liqanın PFL-in bayrağı altında keçirildiyi 2008-ci ildən indiyədək 8-ci dəfə oyunçulardan biri ilk 15 dəqiqədə qırmızı vərəqə ilə cəzalanıb. Pyerə qədər 7 dəfə erkən cəza qeydə alınıb.
15 ilin ilk 15 dəqiqədəki qırmızı vərəqələri arasında ikisi daha erkən gerçəkləşib. Zebli bu dövrdə ən tez cəzalanan 3-cü oyunçudur. Onunla müqayisədə daha erkən cəzalananların hər ikisi 2017/18 mövsümünə təsadüf edib.
Mütləq antirekord Dedimar Fereyraya məxsusdur. “Kəpəz”in legioneri 2017-ci il noyabrın 18-də “Səbail”lə ev matçının (2:3) 5-ci dəqiqəsində komandasını azlıqda qoyub.
“Zirə”nin sabiq futbolçusu Milan Duriç isə 9-cu dəqiqədə belə ağır cəza alıb. O, 2018-ci il mayın 12-də “Kəpəz”lə ev görüşündə (2:1) qırmızı vərəqə alıb.