Ələskərovlu “Bursaspor” 1-ci liqanı tərk etdi
Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun formasını geyindiyi “Bursaspor” TFF I Liqasında növbəti oyununu keçirib. Bursa təmsilçisi 37-ci turda səfər matçına çıxıb.
“Timsah” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Bandırmaspor”un qonağı olub. Ələskərovun ilk dəqiqələrdən meydanda olduğu görüşə ev sahibləri erkən qollarla başlayıb. Ancaq fasilə ərəfəsində iki dəqiqə ərzində 2 qol vuran “Bursaspor” hesabı 2:2-yə gətirib.
Fasilədən dərhal sonra “Bandırmaspor” yenidən önə keçib. Namik 63-cü dəqiqədə əvəzlənib. Qalan dəqiqələrdə daha bir top buraxan bursalılar 2:4 hesabı ilə məğlub olub.
Bu nəticədən sonra 41 xalla 16-cı pillədə qalan “Bursaspor”un sona bir tur qalmış aşağı liqaya düşəcəyi dəqiqləşib.